DÜNYA
Berlində növbəti aviasalon açılıb
Berlin, 25 aprel, AZƏRTAC
Berlində Avropada ən iri və ən qocaman sayılan ənənəvi aviasalon açılıb. AZƏRTAC xəbər verir ki, aviasalonun işində 37 ölkədən şirkətlər iştirak edirlər.
Yeni Berlin aeroportunun cənub uçuş-enmə zolağı, eləcə də aeroportun özü müntəzəm aviareyslər üçün hələ də açılmayıb. Bu, aviasərnişinlər üçün pis, Berlin aviasalonunun təşkilatçıları üçün yaxşı xəbərdir. “ILA-2018” uçuş proqramının rəhbəri Volfram Kornelius KİV-lərə müsahibəsində deyib: “Dörd kilometr boyunca bütün ərazi bizim sərəncamımızdadır“. Bu, o deməkdir ki, aviasalon iştirakçılarının təlim uçuşları təşkilatçılar üçün istənilən rahat vaxtda keçirilə bilər və bu uçuşlar qonşuluqdakı Şönefeld aeroportunun işinə əsla mane olmayacaq. “Aeroflot”, “Ryanair” və “Easyjet”in təyyarələri şimal zolağında havaya qalxıb enir. Şimal zolağının yerləşdiyi məsafə hər qəbildən olan aviasalon iştirakçıları ilə maraqların toqquşmasına yol vermir. Hətta yaxın istirahət günlərinə təyin edilmiş intensiv nümunəvi uçuşlar zamanı da belə hallar gözlənilmir.
Aviasalonun proqramı NATO ölkələrinin hərbi-sənaye kompleksi nailiyyətlərinin sərgisini təqdim edir. Proqramın əsas bəndləri bundesverin, ABŞ Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin helikopter və təyyarələrinin nümunəvi uçuşlarıdır. Onların arasında möcüzəli şəkildə İkinci Dünya müharibəsindən qalma əfsanəvi sovet hücum təyyarəsi – İL-2 var. Onu nümunəvi uçuşlar üçün Berlinə Moskvanın “Qələbənin qanadlı yaddaşı” Fondu gətirəcək. Bundan əlavə, A350 yeni sərnişin laynerinin, “Sikorksky CH53K” yeni ağır nəqliyyat helikopterinin, habelə CH-47-nin (“Çinuk”) nümunəvi uçuşları planlaşdırılıb.
Salonun açılmasına bir gün qalmış sərginin ərazisi hərbi bazanı xatırladır, çünki yalnız hərbi texnika gözə dəyir. Proqrama daxil edilmiş bütün sərnişin laynerləri son məqamda gətirilməlidir. Onların arasında ən müasir A350 və “Lufthansa” aviaparkından sonuncu modifikasiyalı “Boing-747” təyyarələri var.
Sərgiyə 150 min adamın gələcəyi gözlənilir. Təşkilatçıların başlıca məqsədi nümayiş xarakterli uçuşlar zamanı onların təhlükəsizliyini təmin etməkdir. V.Kornelius deyib: ”Almaniya Avropada aviaşoular keçirilməsi barəsində göstərişlər tətbiq edən ilk ölkələrdən biridir. 1988-ci ilin kədərli təcrübəsi (Rammştaynda aviaşou zamanı təyyarənin tamaşaçılara çırpılması nəticəsində 70 nəfər həlak olmuşdu) ölkənin hakimiyyət orqanlarını məcbur edib ki, nümayiş xarakterli uçuşlarla bağlı təhlükəsizlik sahəsində qanunvericilik sərtləşdirilsin. Məsələn, təyyarələr 500 fut yüksəklikdən (təqribən 150 metr) aşağı enə bilməz. Bu, Avropada ən yüksək limitdir. Bundan əlavə, aviaşouda tamaşaçılara qədər minimum məsafə qanunla müəyyən olunub. Bu məsafə 300 metrdən az olmamalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin