REGİONLAR
Şimal bölgəsindən olan 1496 abituriyent Xaçmaz şəhərindəki üç təhsil müəssisəsində imtahan verib
Xaçmaz, 20 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.
AZƏRTAC xəbər verir ki, bu bölgədən olan, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1496 məzun üç mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-lisey, şəhər 9 nömrəli və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəblərində imtahan veriblər.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-a bildirib ki, imtahanlara 137 nəzarətçi müəllim, o cümlədən 12 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.