REGİONLAR
116 saylı Qəbələ seçki dairəsi üzrə 42 min 756 seçici qeydiyyata alınıb VİDEO
Qəbələ, 19 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq işləri 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyası tərəfindən uğurla davam etdirilir.
Komissiyanın sədri Ramiz Əsədov AZƏRTAC-a bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, 54 seçki məntəqəsi üzrə 42 min 756 seçici qeydiyyata alınıb. Onlardan 715 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır. Seçicilərin tam şəffaf və demokratik şəraitdə səs verməsi üçün bütün məntəqələrdə lazımi işlər görülüb.
AZƏRTAC-ın müxbiri Qəbələ şəhər Mədəniyyət Mərkəzinin binasında yerləşən 4 saylı seçki məntəqəsində aparılan hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Məntəqə seçki komissiyasının sədri İmran Mustafayev bildirib ki, seçkiyə hazırlıq işləri yüksək səviyyədə aparılır. Seçki məntəqəsi lazımi texniki avadanlıqlar və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik sistemi ilə təchiz olunub. Vətəndaşların öz seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Hazırda məntəqə üzvləri tərəfindən bildirişlər hazırlanır. Seçki günü səsvermənin gedişini internet vasitəsilə onlayn izləmək üçün məntəqədə veb-kamera da quraşdırılıb.
Namizədlərin təşviqat plakatlarının bərabər səviyyədə yerləşdirilməsi üçün məntəqənin yaxınlığına lövhə qoyulub. Dəqiqləşdirilmiş son məlumata görə, seçki məntəqəsi üzrə 1146 seçici qeydiyyata alınıb ki, onlardan da 61-i ilk dəfə səs verəcək gənclərdir.
116 saylı Qəbələ seçki dairəsinin 3 və 7 saylı məntəqələrində də səsvermə gününə hazırlıq işləri uğurla davam etdirilir. Qəbələ şəhər 3 saylı və Nic qəsəbə 2 saylı tam orta məktəblərin binalarında yerləşən həmin seçki məntəqələrində də səsvermə prosesini internet vasitəsilə onlayn izləmək üçün veb-kameralar quraşdırılıb. Şəhər 3 saylı tam orta orta məktəbdə yerləşən 3 saylı məntəqə seçki komisiyasının sədri Müxtəsər İsayev bildirib ki, son məlmata görə, 1386 seçici qeydiyyata alınıb. Onlardan 74 nəfəri ilk dəfə səs verəcək. Bütün seçicilərin adları məntəqədə quraşdırılan seçici lövhəsində öz əksini tapıb. Öz adının seçici siyahısında olub-olmadığını yoxlamaq istəyən vətəndaşlar, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən seçicilər müraciət etdikdə komissiya üzvləri onlara lazımi kömək göstərir. Seçki komissiyasının üzvləri hər gün məntəqədə olur, seçicilərə paylanılacaq bildirişlər hazırlanır.
Nic qəsəbəsində yerləşən 7 saylı seçki məntəqəsinin sədri Mariyetta Kuşnaari bildirib ki, qeydiyyata alınan 1397 seçicidən 52 nəfəri ilk dəfə səs verəcək gənclərdir. Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi plana uyğun olaraq Qəbələnin bütün yaşayış məntəqələrində olduğu kimi, Nic qəsəbəsində də seçkilərə hazırlıq işləri uğurla davam etdirilir. Komissiya sədri deyib: “Əsrlər boyu Azərbaycan və udin xalqlarının birgə yaşadığı və tolerantlığın kiçik modeli hesab olunan Nic qəsəbəsində yerləşən 7 saylı seçki məntəqəsində aparılan hazırlıq işlərinin vəziyyəti onu deməyə əsas verir ki, səsvermə günündə heç bir çətinlik yaşanmayacaq, vətəndaşlar istədikləri namizədə demokratik, azad və şəffaf şəkildə səs verə biləcəklər”.