ELM VƏ TƏHSİL
“Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən 143 məqalə yaradılıb
Bakı, 19 iyul, AZƏRTAC
Milli mətbuatının yaranmasının 143 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da 143 məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalələrin 55-i redaktə olunub, 88-i isə yeni yaradılıb. Əsasən kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilib. Komanda bu sahədə fəaliyyətə başlayarkən ilk diqqət yetirdiyi nüans “Vikipediya”da mətbuatla bağlı olan boşluqları üzə çıxarmaq və bu boşluqlar üzərində iş aparmaq olub. Bu iş bir neçə istiqamətdə aparılıb. Əvvəlcə milli mətbuatımızın yaranmasında bünövrə rolunu oynayan “Tiflis əxbarı” və “Qafqazın bu tərəfinin xəbərləri” kimi qəzet səhifələri yaradılıb və əsaslı şəkildə redaktə edilib. Sonra maarifçilik ideyasının daşıyıcısı olan, milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərən və milli mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzeti səhifəsi, həmçinin “Əkinçi” qəzetinin ənənələrini davam etdirən və görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad” kimi qəzet və jurnal səhifələri redaktə edilib.
Azərbaycanda ilk satirik jurnal olan “Molla Nəsrəddin“, eyni zamanda, bu dərginin təsiri altında ölkəmizdə “Bəhlul”, “Məzəli”, “Azərbaycan”, “Kirpi”, “Mirat” kimi ana dilində nəşr olunan satirik jurnalların səhifələri də redaktə edilib. Bununla yanaşı, komanda tərəfindən iki kateqoriya və bir şablon yaradılıb.
Ölkəmizdə müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynamış “Füyuzat” jurnalınnın səhifəsi, habelə Azərbaycan mətbuatı və publisistikası sahəsində, həmçinin millətin tərəqqisində müstəsna xidmətləri olan Azərbaycanın maarifpərvər ziyalıları Həsən bəy Zərdabi, Əsgər ağa Gorani, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtinski və Cəlil Məmmədquluzadə kimi ədiblərimizə məxsus səhifələr əməkdaşlarımız tərəfindən əsaslı şəkildə redaktə olunub.
“Dəbistan”, “Rəhbər”, “Məktəb” kimi bir sıra pedaqoji jurnal səhifələri, eyni zamanda, “İşıq” və “Azərbaycan qadını” kimi jurnal səhifələri redaktə edilib.
Sadalanan məqalələrlə yanaşı, Azərbaycanda XIX əsrdə rus dilində çıxan “Bakinskiy listok”, “Kaspi” kimi mətbuat orqanları, “Qeyrət”, “Səda” kimi mətbəələr redaktə olunan məqalələr siyahısına daxildir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub. Məhz bu dövrdə fəaliyyət göstərən “Zənbur”, “Şeypur” kimi satirik jurnallar, həmçinin Məhəmməd Əmin Rəsulzadənin təsisçisi olduğu “Açıq söz” qəzeti səhifəsi redaktə olunanlar sırasındadır.