REGİONLAR
Lənkəran teatrının 127-ci mövsümü başa çatıb
Lənkəran, 23 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrının 127-ci mövsümü başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, quruluşçu-rejissor, Əməkdar Artist Adil Zeynalov yaradıcı kollektivin ötən mövsümdə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.
Qeyd olunub ki, teatr mövsümü ümumilikdə kollektiv üçün uğurlu olub. Ötən il dekabrın 1-dən 6-dək teatrın kollektivi İranın Həmədan şəhərində keçirilmiş XXIV Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edib və diplomla mükafatlandırılıb. Teatrın Lerikdə və Astarada Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə çıxışları da maraqla qarşılanıb.
Bildirilib ki, yeni səhnə əsərləri - “Danabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaçıların ixtiyarına verilib. Ötən mövsümün ən yaddaqalan hadisəsi teatrın aparıcı aktyoru Niftulla Əsgərovun “Əməkdar Artist” fəxri adına layiq görülməsi olub.
Tədbirdə teatrın quruluşçu-rejissoru, Əməkdar Artist Adil Zeynalov “Mövsümün uğurlu tamaşası”, aktyorlardan Qızılgül Quliyeva “Ən yaxşı qadın rolunun ifaçısı”, Səyyad Əliyev “Ən yaxşı kişi rolunun ifaçısı” və quruluşçu-rejissor Emil Əskərov “Ən işgüzar gənc sənətçi” nominasiyalarında fəxri fərmanlarla təltif olunublar.
Mərasim Belçika yazıçısı, Nobel mükafatı laureatı Moris Meterlinkin “Korlar” tamaşasının nümayişi ilə başa çatıb.
Gənc rejissor Emil Əskərovun Lənkəran səhnəsində debütü olan səhnə əsərində rolları Xalq Artisti Qabil Quliyev, Əməkdar Artist Sücəddin Mirzəyev, aktyorlar Şahrud Mehdiyeva, Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva ifa ediblər.
Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.