DÜNYA
Tokio koreyalararası sammitin nüvə silahının ləğvinə təkan verəcəyinə ümid edir
Tokio, 19 sentyabr, AZƏRTAC
Yaponiya hökuməti ümid edir ki, Pxenyanda keçirilən koreyalararası sammitdə imzalanan, o cümlədən Yonbyonda yerləşən nüvə obyektinin tamamilə sökülməsini nəzərdə tutan bəyanat Koreya yarımadasının tamamilə nüvə silahından azad edilməsinə müsbət təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 19-da təşkil olunan mətbuat konfransında bəyanatla çıxış edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib.
Cənubi Koreya Prezidenti ilə Şimali Koreya lideri arasında keçirilən görüşdə Şimali Koreya-Yaponiya sammiti ilə əlaqədar məsələnin qaldırılması barədə sualı cavablandıran Y.Suqa qeyd edib ki, Tokio Koreya tərəfindən bu barədə müxtəlif informasiyalar alıb.
Xatırladaq ki, sentyabrın 18-19-da Pxenyanda keçirilən koreyalararası sammit çərçivəsində Mun Çe İn ilə Kim Çen In birgə bəyanat, iki ölkənin müdafiə nazirləri isə hərbi sahədə razılaşma imzalayıblar.
Birgə bəyanata əsasən, Şimali Koreya Tonşxan raket poliqonunu bağlayacağını və Yonbyondakı nüvə obyektini tamamilə sökəcəyini vəd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio