CƏMİYYƏT
İstanbulda Aşura münasibətilə yüzlərlə könüllü qanvermə aksiyasına qoşulub
İstanbul, 21 sentyabr, AZƏRTAC
İstanbulda bir neçə yerdə Aşura günü münasibətilə dini mərasim və qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, ən böyük aksiya şəhərin Halkalı adlı ərazisində Küçükçəlməcə bələdiyyəsi, Türkiyədə təmsil olunan azərbaycanlılara məxsus icmalar və Qızıl Ay Cəmiyyəti tərəfindən təşkil olunub. Yəhya Kamal Bayatlı Mədəniyyət Mərkəzində keçirilən “Aşura günü qanvermə aksiyası”na yüzlərlə könüllü qoşulub.
Aksiyada Türkiyədə yaşayan, işləyən, təhsil alan soydaşlarımızla bərabər, yerli sakinlər, eləcə də İstanbulda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Böyük Millət Məclisinin üzvləri, ictimaiyyətin tanınmış simaları iştirak edib. Burada qan verən insanlar əvvəlcə müayinə olunur, onların qan vermək imkanları müəyyən edilir və sonra qanvermə məntəqəsinə daxil olurdular.
Təşkilat komitəsindən məlumat verilib ki, qanvermə prosesi başa çatandan sonra infeksiyalar üzrə müayinə olunacaq və təmiz qanlar ehtiyacı olan xəstələr üçün istifadə ediləcək.
Mədəniyyət mərkəzində çıxış edən təşkilatçılar bu aksiyanın dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq insanlar arasında həmrəylik və xeyriyyəçilik kimi hisslərin aşılanmasına xidmət etdiyini vurğulayıblar. Çox sayda insanın qatıldığı aksiya axşam saatlarına qədər davam edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul