ELM VƏ TƏHSİL
Akademik: Lütfi Zadə elmi irsi ilə bəşər tarixində yeni sivilizasiyanın əsasını qoyub
21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun kollektivi dünya şöhrətli alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin məzarını ziyarət edib, önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev görkəmli alimin elmi yaradıcılığından danışıb. Diqqətə çatdırılıb ki, dahi alim L.Zadənin 1965-ci ildə təklif etdiyi qeyri-səlis çoxluqlar nəzəriyyəsi bundan öncə klassik riyaziyyatın çoxluqlarla bağlı mövcud olan bütün təriflərini əhatə edərək ümumiləşmiş bir nəzəriyyəni ərsəyə gətirib, təbii intellektə yaxın olan qeyri-səlis riyazi aparat təklif edib.
Akademik R.Əliquliyevin sözlərinə görə, insan intellekti və təfəkkürünün yeni bir təliminin sahibi olan L.Zadə öz nəzəriyyəsi və bütövlükdə elmi irsi ilə bəşər tarixində yeni bir sivilizasiyanın əsasını qoyub. Müvafiq sahənin alimləri L.Zadə ideyasının həm tədqiqatçısına çevrilməli, həm də bu dahi azərbaycanlının beynəlxalq aləmdə təbliğ olunmasına töhfələrini verməlidirlər.
R.Əliquliyev L.Zadənin zəngin elmi fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Böyük alimin həm ölkəmizdə, həm də dünya miqyasında layiqli qiymətini aldığını, onun zəngin elmi fəaliyyətinə görə nüfuzlu mükafatlara layiq görüldüyünü deyib.
Qeyd edək ki, L.Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. 1932-ci ildə L.Zadənin ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıblar. Burada orta təhsilini başa vuran L.Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında ABŞ-a gələrək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
Dünya şöhrətli alim 2017-ci il sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, sentyabrın 29-da Azərbaycana gətirilərək birinci Fəxri xiyabanda dəfn edilib.