CƏMİYYƏT
Bakıda yaşlı qadına xəsarət yetirərək qızıl boyunbağısını ələ keçirən şəxslər tutulub VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
Bir neçə gün əvvəl Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olan kimi dərhal Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimalıyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.