ELM VƏ TƏHSİL
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd iki qurum arasında texniki elmlər üzrə birgə fəaliyyətə dair müzakirələr aparmaq və əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.
Görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA ilə “Turkish Aerospace” şirkəti arasında texniki elmlər istiqamətində birgə tədqiqatların yerinə yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Akademik bu sahədə kadr və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.
“Turkish Aerospace” şirkətinin strateji və texnologiya üzrə idarəetmə rəhbəri, professor Fahrettin Öztürk bildirib ki, qeyd olunan istiqamətlərdə birgə əməkdaşlıq kompleks araşdırmaların aparılmasına, müxtəlif layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradacaq.
Daha sonra AMEA ilə “Turkish Aerospace” şirkəti arasında birgə fəaliyyətə dair sənədin imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.