DÜNYA
Yaponiyanın yüksəksəviyyəli nümayəndəsi Baş nazirin səfərini hazırlamaq üçün Çinə gedəcək
Tokio, 25 sentyabr, AZƏRTAC
Yaponiya Milli Təhlükəsizlik Şurasının sədri Şotaro Yaçi Baş nazir Şinzo Abenin Çinə gözlənilən səfərini təşkil etmək üçün sentyabrın 25-də Pekinə gedəcək.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Ş.Abenin Çinin sədri Si Cinpinlə görüşü oktyabr ayına planlaşdırılır.
Səfər çərçivəsində Ş.Yaçinin Çinin beynəlxalq əlaqələrinə cavabdeh olan Çin Kommunist Partiyası siyasi bürosunun üzvü Yan Cieçi ilə danışıqlar aparacaq.
Ş.Yaçi iki ölkə liderlərinin qarşıda gözlənilən danışıqlarını müzakirə etmək niyyətindədir. Eyni zamanda, səfər zamanı ötən həftə baş tutmuş koreyalararası sammitdən sonra Şimali Koreyanın nüvə silahının ləğvi prosesi də müzakirə olunacaq.
Şinzo Abe və Si Cinpin cari ayın əvvəllərində Vladivostokda bir araya gələrək müzakirələr aparmış və qarşılıqlı səfərlər barədə razılığa gəlmişlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio