İDMAN
“Uembli” stadionu 600 milyon funt-sterlinqə satıla bilər
Bakı, 26 sentyabr, AZƏRTAC
İngiltərə Futbol Assosiasiyası Londondakı “Uembli” (Wembley) stadionunun 600 milyon funt-sterlinqə (788 milyon dollara) “Fulham” futbol klubunun sahibi Şahid Xana satılmasına razılıq verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şahid Xan stadionu hələ bu ilin aprelindən satın almağa çalışsa da, yalnız son günlər danışıqlarda irəliləyiş əldə olunub. Lakin yekun qərar İngiltərənin Futbol Assosiasiyasının komissiyası tərəfindən verilməlidir.
Sövdələşmə bəzi məhdudiyyətlərlə baş tuta bilər. Belə ki, sponsorlardan heç kim stadionun adının dəyişdirilməsi və ya mövcud olan brendə əlavələr edilməsi kimi hüquqa malik olmayacaq. Həmçinin Xan öz öhdəliklərini lazımi qaydada icra etməsə, assosiasiya stadionu geri almaq hüququnu özündə saxlayacaq.
Biznesmen stadiondan sahibi olduğu “Jacksonville Jaguars” (Amerika Milli Futbol Liqası) komandasının oyunları üçün istifadə etmək niyyətindədir.