MƏDƏNİYYƏT
Əməkdar artist Filarmoniyada “Mənim ömür nəğmələrim” adlı konsert proqramı ilə çıxış edəcək
Bakı, 26 sentyabr, AZƏRTAC
Oktyabrın 24-də Əməkdar artist Aybəniz Haşımova Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Mənim ömür nəğmələrim” adlı geniş konsert proqramı ilə çıxış edəcək.
Bu barədə AZƏRTAC-a təəssüratlarını bölüşən müğənni deyib ki, hazırda konsertə ciddi hazırlıq işləri görülür.
“Bu il mənim 50 yaşım, sənətdə olmağımın isə 40 ili tamam olur. Eyni zamanda, ustadım Şövkət Ələkbərovanın anadan olmasının 90 illiyidir. Otuz ilə yaxındır ki, Şövkət Ələkbərova haqq dünyasına qovuşub, lakin mən onun yoxluğunu heç vaxt hiss etməmişəm. Konsertdə əsasən Şövkət xanımın oxuduğu mahnılara üstünlük veriləcək. Məqsədim Şövkət xanımın ruhunu şad etmək, həm də məni sevən, çoxdandır görməyən, yenidən dinləmək istəyənləri sevindirməkdir”.
Konsertdə tələbələri ilə eyni səhnəni bölüşəcəyini deyən müğənni onları Qara Qarayev adına Kamera Orkestrı və Gülarə Əliyeva adına Azərbaycan Dövlət Televiziyasının “Dan ulduzu” instrumental ansamblının müşayiət edəcəyini bildirib.
Konsertin ssenari müəllifi Firuzə Nadirdir.