İQTİSADİYYAT
Süd və süd məhsulları istehsalçıları ilə müzakirələr aparılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Süd və süd məhsulları istehsalçıları ilə müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, süd və süd məhsullarının istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə görülən işləri diqqətə çatdırıb, süd və süd məhsullarının istehsalı və ixracının artırılması, eləcə də bu istiqamətdə fəaliyyət göstərən istehsalçılar arasında sıx əlaqələrin qurulması baxımından müvafiq assosiasiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubov süd və süd məhsullarının istehsalının və ixracının genişlənməsi istiqamətində görüləcək tədbirlər barədə məlumat verib.
Tədbir çərçivəsində, həmçinin sahibkarların südçülük təsərrüfatlarında istehsalın artırılmasına dair fikirləri və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.