REGİONLAR
Azərbaycan Texnologiya Universitetində EQAC layihəsinin təqdimatı olub
Gəncə, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində “Universitetlərdə keyfiyyətə nəzarət mərkəzinin qurulması” layihəsinin təqdimatı keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Bakı Biznes Universitetinin rəhbərliyi ilə həyata keçirilən proqramda ATU ilə birlikdə Azərbaycandan 11 universitet və Təhsil Nazirliyi, Avropadan isə 4 nüfuzlu universitet tərəfdaş kimi iştirak edir.
Layihənin koordinatorları ATU-da struktur rəhbərlərinə, dekanlara və kafedra müdirlərinə Avropa İttifaqı tərəfindən maliyyələşən 3 illik layihənin mahiyyətini izah ediblər. Bildirilib ki, proqramın məqsədi universitetlərdə keyfiyyətin mütəmadi yoxlanılması və standartlara cavab verməsi üçün nəzarətedici mexanizmin qurulmasıdır. Mərkəzin fəaliyyəti tədrislə məhdudlaşmır. Bura idarə, təchizat və özünüqiymətləndirmə prosedurları kimi bir çox funksiya daxildir.
Layihə çərçivəsində universitetə müvafiq proqram lisenziyası və iki yüksək parametrli kompüter verilib.