İQTİSADİYYAT
11 fevral Vergilər Nazirliyinin yarandığı gündür
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb.
Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata¬ keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu durmadan artır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu xidmət ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar, yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Respublika Maliyyə Nazirliyinin tərkibində yaradılıb.
1991-ci ilin oktyabrında Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq, müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb.
Ötən 16 ildə iqtisadiyyatda başlanan inkişaf meyllərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb.
Bu gün Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir.
Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətə davamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Bu məqsədlə nazirliyin beynəlxalq əlaqələri sürətlə genişləndirilir.