SİYASƏT
11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar başa çatıb
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasında seçki hüququna dair üçgünlük ixtisaslaşdırılmış kurslar başa çatıb. Kurslarda dairə seçki komissiyalarının (DSK) üzvləri, məntəqə seçki komissiyalarının sədrləri və katıbləri üçün seminarlar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu kurslar Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edib.
Tədbirdə çıxış edən dairə seçki komissiyasının sədri Azər Ələsgərov keçirilən kurslar və seçici siyahıları ilə iş qaydası haqqında məlumat verib, təlimlərin səmərəli olduğunu xatırladıb. Bildirilib ki, 44 min 875 seçicisi olan dairənin ərazisində 37 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Dairənin ərazisində 6 müvəqqəti məntəqənin yaradılması nəzərdə tutulur.
Dairə seçki komissiyasının sədri deyib ki, kurslarda referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri, referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri, referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, ümumxalq səsverməsinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, bu yöndə məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilinə dair maarifləndirici seminarlar və təlimlər keçirilib.
Kurslarda seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması mövzularına xüsusi yer ayrılıb.
Sonra Qaradağ rayon polis idarəsinin şöbə rəisi Anar Alışovun “Seçici siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzusunda məruzəsi dinlənilib.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində də təşkil olunmuş kurslar uğurla başa çatıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.