İDMAN
UEFA Millətlər Liqası: İngiltərə-İspaniya oyununda beş qol vurulub
Bakı, 16 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 15-də UEFA Millətlər Liqasının dördüncü turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması A liqasının 4-ci qrupunda yer alan İspaniya və İngiltərə yığmaları arasında olub. Qarşılaşma oyunun favoriti sayılan dördqat dünya çempionu İspaniya millisinin hücumları ilə başlayıb. İspanlar ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabı qonaqlar açıb. Markus Recford Rəhim Sterlinqə ötürmə verərək qapıçı ilə təkbətək çıxardıb. Rəhim fürsəti əldən verməyin - 0:1. Qoldan sonra İspaniya millisi bütün heyətlə irəli atılıb. Bundan istifadə edən ingilislər əks hücumla hesabı artırıb. Qarşılaşmanın 30-ci dəqiqəsində birinci qolda məhsuldar ötürmə ilə yadda qalan Sterlinq adını tabloya yazdırıb - 0:2. Bu da birinci hissədə son qol olmayıb. Matçın 38-ci dəqiqəsində Sterlinq dublun rəsmiləşdirib - 0:3. Birinci hissə 3:0 “dumanlı albion”un üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra İspaniya yığması hesab arasındaki fərqi iki topa endirib. 59-ci dəqiqədə oyuna yenicə daxil olmuş Fransisko Alkaser Marko Asensionun künc ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:3. Hakimin qarşılaşmanın əsas vaxtına əlavə etdiyi yeddinci dəqiqədə (90+4) Serxio Ramos hesabı minimuma endirib. Qoldan dərhal sonra hakim oyunun başa çatdığını bildirib. Beləliklə, İngiltərə seçməsi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.
Dördüncü turdan sonra qrupa 6 xalla İspaniya yığması başçılıq edir, 4 xalla İngiltərə ikinci, aktivində 1 xalı olan Xorvatiya üçüncü yerdə qərarlaşıb.
A liqasının 2-ci qrupunda yer alan İsveç millisi İslandiya yığmasının qonağı olub. Görüş 2:1 isveçrəlilərin qələbəsi ilə başa çatıb.
Azərbaycan milli komandasının da yer aldığı D liqasının 2-ci qrupunda Lüksemburq doğma meydanda San-Marino seçməsinin qapısından üç cavabsız top keçirib. Qrupun digər oyunu olan Belarus-Moldova oyununda hesab açılmayıb.
Oktyabrın 15-də keçirilən oyunlarda növbəti nəticələr qeydə alınıb:
B liqası 3-cü qrup
Bosniya və Herseqovina - Şimali İrlandiya - 2:0
C liqası 2-ci qrup
Estoniya - Macarıstan - 3:3
Finlandiya - Yunanıstan - 2:0