DÜNYA
Əfqanıstan: “Taliban” hərəkatı ilə toqquşmada azı 30 polis əməkdaşı öldürülüb
Bakı, 16 oktyabr, AZƏRTAC
Əfqanıstanın şimalında “Taliban” hərəkatının hücumu nəticəsində azı 30 polis əməkdaşı həlak olub.
AZƏRTAC Pajvak informasiya agentliyinə istinadla xəbər verir ki, taliblər bu gün səhər saatlarında Samanqan əyalətində nəzarət-buraxılış məntəqələrinə hücum ediblər. Həlak olanların arasında polis rəisinin müavini polkovnik Hvani Tahirinin də olduğu bildirilir. “Taliban” hərəkatının döyüşçüləri 8 polis avtomobilini, 2 tankı, külli miqdarda silah-sursatı və ləvazimatı qənimət götürüblər.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorçuluğa qarşı birgə əməliyyatlar keçirirlər.