REGİONLAR
Sumqayıt Dövlət Dram Teatrında Dövlət Müstəqilliyi Günü qeyd olunub
Sumqayıt, 17 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov müstəqilliyə aparan yolun çətinliyindən danışıb, milli məfkurənin formalaşması üçün kəşməkəşli yollar qət edildiyini bildirib. Vurğulanıb ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldı. Çağdaş dövrdə isə ümummilli lider Heydər Əliyev milli mücahidləri sovet imperiyasının yaratdığı təhlükələrdən xilas etdi. Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi ziyalılar məhz Ulu Öndərin qətiyyəti sayəsində xilas oldular. Bu gün qüdrətli Azərbaycan Ordusunun peşəkar zabitlərinin əksəriyyəti vaxtı ilə Ümummilli Liderin yaratdığı C.Naxçıvanski adına hərbi məktəbin yetirmələridir.
Mübariz Həmidov 1991-ci il oktyabrın 18-də Müstəqillik aktının qəbul olunduğunu, 1992-ci ildə az qala itirilməkdə olan müstəqilliyimizin Heydər Əliyev tərəfindən xilas edildiyini vurğulayıb.
Daha sonra YAP üzvləri – teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissor, Əməkdar artist Namis Şirməmmədov, ərazi təşkilat sədri Samirə Məlikova fikirlərini bölüşüb.
Görkəmli siyasətçi, dövlət xadimi Heydər Əliyevin qürurla söylədiyi “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!” kəlamı tədbirin leytmotivi kimi səslənib.