SİYASƏT
Sədaqət Vəliyeva: Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı Azərbaycan dövlətinin uğurlarını və nailiyyətlərini nümayiş etdirməklə yanaşı, dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağını ortaya qoyur. Hesabatı təhlil etdikdə aydın şəkildə görürük ki, son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva AZƏRTAC-a açıqlamasında deyib.
Sədaqət Vəliyeva bildirib ki, hesabatda diqqət çəkən məqamlardan biri də sosial infrastruktur məsələləridir. “Hesabatda aydın şəkildə qeyd edilib ki, Azərbaycan təhsil və bacarıqlar, biznesin dinamikliyi kimi indikatorlar üzrə mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Xüsusilə qeyd edilməsi vacib olan məqam Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanmasıdır. Məhz bu məqam bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsində sosial dövlət quruculuğu prosesində ölkəmizin nə qədər irəlilədiyini nümayiş etdirir”, - deyə Milli Məclisin deputatı əlavə edib.
Hesabatda qeyd edilən infrastruktur məqamlarına da toxunan Sədaqət Vəliyeva deyib: “Hesabatda vurğulanır ki, Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Bu, heç də təsadüfi deyil. Çünki Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastruktur sahəsində ciddi nailiyyətlər əldə olunub. Təsəvvür edin ki, son 15 il ərzində Azərbaycanda 440-dan çox körpü tikilib, 3100-dən çox məktəb inşa edilib, 642 tibb müəssisəsi, 43 Olimpiya İdman kompleksi tikilib, 265 min məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin olunub, 30 elektrik stansiyası tikilib, bölgələrdə qazlaşdırma 95 faizə çatmaq üzrədir, əhalinin fasiləsiz içməli su ilə təminatı 70 faizə çatıb, 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib, 100 minlərlə hektar suvarılmayan torpaqlara su gətirilib, 12 min 300 kilometr yol çəkilib. Bütün bunlar birmənalı şəkildə Azərbaycan xalqının rahat yaşamasına xidmət edir”.
Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi kimi təqdim edilməsi və nümunə olaraq göstərilməsi ölkəmizin qlobal miqyasda ciddi bir dövlət kimi qəbul edildiyini isbatlayır.