DÜNYA
Şinzo Abe militarizmin rəmzi hesab edilən Yasukuni məbədinə ianə göndərib
Tokio, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Yaponiyanın Baş naziri Şinzo Abe Asiya ölkələri tərəfindən yapon militarizminin rəmzi hesab olunan Yasukuni məbədinə dini ianə göndərib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, ianə payız məbəd festivalının başlanması ilə əlaqədar göndərilib.
Hökumət başçısının “masakaki” adlanan ianəsi lentlə bəzədilmiş həmişəyaşıl yapon sakaki ağacının budaqlarından ibarətdir. Festivalın davam edəcəyi dörd gün ərzində bəzi yapon deputatların da məbədi ziyarət edəcəyi gözlənilir.
Xatırladaq ki, Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq müxtəlif müharibələrdə həlak olmuş yaponların siyahısı saxlanılır. Bu siyahıda İkinci Dünya müharibəsində Tokio təslim olduqdan sonra edam edilən yapon hərbçilərin adları da var. Buna görə də yapon rəsmilərinin Yasukuni məbədini ziyarət etməsi yapon militarizminin dəstəklənməsi kimi qiymətləndirilir və Çin, Koreya Respublikası və digər Asiya ölkələri tərəfindən etirazla qarşılanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio