REGİONLAR
Beyləqanda ümumi məhsul buraxılışının həcmi 205,4 milyon manat olub
Beyləqan, 19 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayında Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 205,4 milyon manat olub. 16,5 milyon manatlıq sənaye, 94,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Əsas kapitala 55 milyon manat investisiya yönəldilib, 54,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. Doqquz ayda 884 daimi iş yeri yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Beyləqan rayonunda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.
Hesabat məruzəsində bildirilib ki, rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi, 1941-1945-ci illərdə həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmiri başa çatdırılıb. Beyləqan Olimpiya İdman Kompleksinin tikintisində son tamamlama işləri aparılır. Beyləqan şəhərinin bir sıra küçələrinə asfalt örtük döşənib. Rayonun İmamverdilər, Birinci Şahsevən və Əmirzeyidli kəndləri təbii qazla təmin olunub.
Aqrar sahədən bəhs edilərkən diqqətə çatdırılıb ki, hesabat dövründə 12 min 928 ton şəkər çuğunduru, 3721 ton kartof, 31 min 906 ton tərəvəz , 4922 ton bostan məhsulları, 2509 ton qarğıdalı, 923 ton soya, 2588 ton meyvə, 1758 ton üzüm istehsal olunub. 2019-cu ilin məhsulu üçün 1174,5 hektar sahədə payızlıq səpin aparılıb. İribuynuzlu heyvanların sayı 1158 baş artaraq 59 min 182 başa, xırdabuynuzluların sayı 410 baş artaraq 301 min 278 başa çatıb, 6387 ton ət, 30 min 38 ton süd, 590 ton yun istehsal olunub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də bəhs edilib. Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.