DÜNYA
Suriya üzrə BMT-nin yardım əlaqələndiricisi istefa verib
Cenevrə, 19 oktyabr, AZƏRTAC
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stafan de Misturanın ardınca bu təşkilatın Suriya üzrə yardım əlaqələndiricisi Yan Egeland da tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, norveçli diplomat bu açıqlama ilə oktyabrın 19-da Cenevrə şəhərində çıxış edib. Y.Egeland bildirib ki, o da bu ilin noyabr ayının sonunda tutduğu vəzifədən gedəcək və onun istefasının de Mistura ilə eyni vaxtda düşməsi tamamilə təsadüfi xarakter daşıyır.
Norveç Qaçqınlar Şurasının sədri vəzifəsi ilə yanaşı, BMT-nin Suriya üçün yardımlarını əlaqələndirən Y.Egeland ötən üç il ərzində rəhbərlik etdiyi komanda ilə nail olmaq istədikləri hədəflərə doğru çoxlu gözlənilməz zərbələrlə qarşılaşdıqlarını ifadə edib. BMT-nin Suriya üzrə Yardım Missiyası 2016-cı ildən fəaliyyət göstərir və bu missiya Suriya üzrə beynəlxalq dəstək qrupunun 17 üzvündən ibarətdir. Yardım Missiyası hər həftə məsləhətləşmələr üçün toplanır. Y.Egeland deyib ki, missiyanın öz qarşısına qoyduğu məqsədlərin heç yarısına da nail olmaq mümkün olmayıb və onun işlərini daha yaxşı kadr davam etdirə biləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə