CƏMİYYƏT
Komitə sədri: Son 15 ildə Azərbaycanda 4 mindən çox sahibkar qadına güzəştli kreditlər ayrılıb
Həştərxan, 23 oktyabr, AZƏRTAC
Son 15 ildə Azərbaycanda 4 mindən çox sahibkar qadına 70 milyon manatdan artıq güzəştli kreditlər ayrılıb, 6 mindən çox iş yeri açılıb.
AZƏRTAC xəbər verir ki, bu faktları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Həştərxanda keçirilən qadın sahibkarların forumundakı çıxışında səsləndirib.
Komitə sədri bildirib ki, ötən 26 il ərzində Azərbaycanda ciddi islahatlar həyata keçirilib, ölkəmiz təkcə regionda deyil, həm də dünyada güclü siyasi və iqtisadi tərəfdaş kimi tanınır.
Komitə sədri deyib: “Azərbaycan torpaqlarının işğal altında olması, 1 milyondan çox qaçqın və məcburi köçkünün, o cümlədən 400 mindən çox qadının və 300 mindən çox uşağın doğma torpaqlarından didərgin düşməsinə baxmayaraq, ölkəmizin iqtisadiyyatı uğurla inkişaf edir”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial layihələrin reallaşmasına xüsusi önəm verdiyini bildirən H.Hüseynova qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Fərmanından sonra ölkəmizdə sahibkarlığa Yardım Milli Fondu, bölgələrdə Qadın Resurs mərkəzləri və “Qadınların sosial inkişafına dəstək” QHT-ləri yaradıldı. Komitə sədri deyib ki, bölgələrdə məşğulluğun ümumi sayının 50 faizə yaxını qadınların payına düşür. 2018-ci ildə qadın sahibkarların sayı 38 faiz artıb.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinin sosial inkişaf və əmək naziri Oleq Petelinlə görüşüb, həmçinin “Korreksiya və İnkişaf” Uşaqların Reabilitasiyası Mərkəzində olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Həştərxan