REGİONLAR
Ekspert: Fermerlər məhsul istehsalında müasir texnika və texnologiyanın tətbiqinə üstünlük verməlidirlər
Bakı, 23 oktyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı iri fermer təsərrüfatlarında, xüsusən taxılçılıqda nəticələrin çox yaxşı olduğunu deyib, tətbiq olunan texnoloji prosesin bütün təsərrüfatlara yayılmasının vacibliyini bildirib.
Ekspert Cəfər İbrahimli mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib ki, müasir idarəetmə sistemində biznesin davamlığının və rentabelliyinin təmin edilməsi üçün iki əsas məsələ həllini tapmalıdır: biznesin profilinə uyğun insan amilinə bağlı təsərrüfatın formalaşdırılması və müasir texnologiyaların istehsal proseslərinə tətbiq olunması. Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən biznes subyektləri, fermerlər ənənəvi qaydalardan uzaqlaşaraq, müasir texnika və texnologiyanın imkanlarını tətbiq etməklə məhsul istehsalına üstünlük verməlidirlər. Düzdür, çox kiçik ailə fermer təsərrüfatlarının bu müasir texnologiyanı və avadanlıqları istehsalda tətbiq etməsi çətindir, amma böyük və orta ölçülü təsərrüfatların tətbiqi vacibdir. İdarəetmənin avtomatlaşması nəticəsində xərclərin optimallaşdırılaraq minimuma endirilməsi və istehsalda yaranan əlavə dəyərlə məhsuldarlığın artırılması təsərrüfatlarda mənfəətliliyin artırılmasına dəstək olacaq. Bu da məhsulların daha keyfiyyətli və rəqabətə davamlı olmasına gətirib çıxaracaq.
Cəfər İbrahimli bildirib ki, müasir dünyada əkiləcək bitkilərin torpağın tərkibinə və toxum növlərinə görə müəyyən edilməsi, heyvandarlıqda süni mayalamanın vaxtında tətbiqi üçün digital sistemlərlə fərdi nəzarət aparılması və doğuma qədər prosesin günlük izlənməsi, avtomatlaşdırılmış sağım sistemləri ilə hər heyvan üçün süd məhsuldarlığına nəzarət və gizli xəstəliklərin aşkarlanması, ərazilərə əkilmiş bitkilərin suvarma ehtiyacının müəyyən edilməsi kimi texnologiyanın yeni imkanları istifadə olunmaqdadır. Bu proseslərin tətbiqi üçün ciddi maliyyə vəsaitlərinə ehtiyac yaranır və bu, necə həll oluna bilər? Dövlət bu işdə də fermerin yanındadır və öz dəstəyini göstərir. Məsələn, hazırda torpağın tərkibinin müəyyən edilməsi və torpaqlara görə toxum sortlarının müəyyən olunması üçün dövlət tərəfindən laboratoriyalar qurulub və fermerlər bu imkanlardan istifadə edə bilərlər. "Aqrolizinq" ASC-nin xətti ilə ölkəyə dövlət vəsaiti hesabına müasir texnika və avadanlıqlar gətirilir. Fermerlər bu texnikaları güzəştli şərtlərlə satın alır və ya bölgələrdə qurulan xidmət imkanlarından istifadə edirlər. Son olaraq Sahibkarlığın İnkişafı Fondu və Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən fermerlərə layihələrin reallaşdırılması üçün güzəştli şərtlərlə kreditlər ayrılır.
“Qeyd edək ki, hazırda orta və kiçik fermer təsərrüfatlarının istehsal proseslərində müasir texnoloji imkanlardan istifadə hələlik çox aşağı səviyyədədir. Aidiyyəti təşkilatlar və fermerlər yaradılan şəraitdən düzgün istifadə edərək yeni texnika və texnologiyanın istehsal proseslərinə tətbiq edilməsinə üstünlük verməlidirlər. Eyni zamanda, bu texnika və texnologiyaların istehsal prosesində davamlılığının təmin edilməsi üçün emalat və maşınqayırma sənayesinin yaradılması ilə paralel olaraq, bu sahədə ixtisaslı kadrların yetişdirilməsi də vacib amillərdən biridir”, - deyə C.İbrahimli əlavə edib.