DÜNYA
Ər-Riyad Camal Kaşıkçının ölümünü şərh edib
Bakı, 23 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr ölkəsinin müxalif jurnalist Camal Kaşıkçının qətli kimi insidentlərin qarşısını almaq üçün lazımi tədbirlər görəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Al-Arabia telekanalının yaydığı məlumata görə, nazir Səudiyyə Ərəbistanının jurnalistin ölümü ilə bağlı tam təhqiqat aparmaq barədə öhdəlik götürdüyünü təsdiqləyib. O deyib ki, Kaşıkçının qətlində əli olanların hamısı məsuliyyətə cəlb olunacaq.
Hazırda Səudiyyə Ərəbistanında cinayət işi ilə bağlı 18 nəfər saxlanılıb. Təhqiqat davam edir.
Xatırladaq ki, Camal Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.
Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna getmiş və həmin vaxtdan itkin düşmüşdü. Bundan 18 gün sonra, oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu konsulluqda yaranan mübahisənin jurnalistin ölümünə səbəb olduğunu bildirmişdi.
Ər-Riyadın açıqlaması bir çox dövlətlərin liderlərini qane etməyib və artıq Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq olunması barədə çağırışlar səslənməkdədir.