CƏMİYYƏT
“Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir
Bakı, 15 noyabr, AZƏRTAC
Ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi üçün zəmin yaratmaq məqsədi daşıyan “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlik tərəfindən nümayiş olunan "Meşələrimiz milli sərvətimizdir", "Fauna və flora müxtəlifliyi", "Balıqçılıq və akvakultura", "Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri", "Azərbaycanın milli parkları", "Azərbaycanın palçıq vulkanları" stendləri, o cümlədən hidrometeorologiya və digər sahələrdə görülmüş işləri əks etdirən guşələr ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Qeyd edək ki, nazirliyin təşkilatçılığı ilə keçirilən “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə noyabrın 16-da yekun vurulacaq.