İQTİSADİYYAT
Azərbaycan qonşu Gürcüstan və Türkiyənin əsas təbii qaz təminatçısıdır
Tbilisi, 15 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Gürcüstan və Türkiyənin əsas təbii qaz təminatçısıdır. Azərbaycanın qaz resursları, xüsusən “Şahdəniz” yatağı Avropa üçün də ən etibarlı enerji mənbəyidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tbilisidə keçirilən Cənubi Qafqazda enerji ehtiyatlarına və enerji təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfransda səslənib. Qeyd olunub ki, Gürcüstan, Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün alternativ layihələr də var. Amma Azərbaycan təbii qazının hasilatı, pay bölgüsü və satışı ilə bağlı bütün hüquqi prosedurlar tam həll olunub. Azərbaycan qazı 2020-ci ilədək Avropa bazarına çatdırılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi İlqar Qurbanov ölkəmizin karbohidrogen ehtiyatları, onun Cənubi Qafqaz regionu və Avropanın enerji təhlükəsizliyində rolu, “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, enerji təhlükəsizliyi Cənubi Qafqazda sabitliyin təmin olunmasında əsas amillərdən biridir. Regionda enerji təhlükəsizliyi üçün əsas oyunçular Azərbaycan, Gürcüstan və Türkiyədir. Azərbaycan Avropanın qaz təminatçılarından biri olaraq bu sahədə mühüm rola malikdir.
Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri diqqətə çatdırıblar ki, Avropa İttifaqı ölkələri üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və oradan da Avropaya çatdıracaq. Uzunluğu 3,5 min kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi