ELM VƏ TƏHSİL
Dövlət Neft və Sənaye Universitetində Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev bu tarixi günün əhəmiyyətindən danışıb. 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatının Azərbaycan xalqının azadlıq ruhunu oyatdığını deyən A.Babayev xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynadığını bildirib.
Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov əlamətdar gün münasibətilə hər kəsi təbrik edib, dirçəliş hərəkatının öyrənilməsinin, onun gələcək nəsillərə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə ictimai fənlər kafedrasının professoru, İradə Nuriyeva, dosent Yaşar Əhmədov, ADNSU-nun Yeni Azərbaycan Partıyasının (YAP) ərazi ilk təşkilatının sədri, dosent Tamilla Naibova çıxış edərək Milli Dirçəliş Gününün tarixi, o dövrün siyasi prosesləri haqqında danışıblar.
Sonda ADNSU-nun YAP-a üzv olan bir qrup tələbə və əməkdaşına partiya biletləri təqdim olunub.