REGİONLAR
“Mamoy kişinin yuxuları” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
Sumqayıt, 17 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərinin premyerası olub. Əlli yaşlı teatr illər öncəsində də Vaqif Səmədoğlunun dramaturgiyasına müraciət edib. Müəllifin sosial–fəlsəfi pyeslərində qəhrəmanların xarakterləri düşdükləri situasiyada daha aydın görünür.
AZƏRTAC xəbər verir ki, Əməkdar artist Namis Şirməmmədovun quruluş verdiyi tamaşada Dağlar Rüstəmov, Sevda Hüseynova, İlqar İbrahimov, Mətanət Əmirullayeva, İlham Səfərli, Siyavuş Mahmudov, Akif Mirzəyev, Yalçın Səlimov və başqaları yer alıblar. Tamaşanın quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı Telman Qəniyevdir.
Quruluşçu rejissor dramaturq Vaqif Səmədoğludan gələn fəlsəfəni, incə yumoru, bəzi məqamlarda sarkazmı ustalıqla qoruyub saxlayıb və tamaşaçılara çatdıra bilib. Obrazların hər biri üçün düşünülmüş mizanlar, musiqi və geyim bütövlükdə canlı, baxımlı tamaşanın ərsəyə gəlməsinə səbəb olub.