İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşı Kiyevdə konfransda təqdimatla çıxış edib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Hesablama Palatasının əməkdaşı Zaur Vəliyev "Şərq tərəfdaşlığı ölkələrində parlament administrasiyalarının fəaliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində Kiyev şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zaur Vəliyev "Parlamentin büdcəyə nəzarət işinin optimallaşdırılması və səmərəliliyinə nail olunması" mövzusunda təqdimatla çıxış edib.
Məruzəçi çıxışında büdcəyə nəzarət işinin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar – Hesablama Palatası haqqında yeni Qanunun qəbul edilməsi və bu qanunla Ali Audit Qurumu (AAQ) olan Hesablama Palatasının funksionallığı, hüquq və vəzifələri, həmçinin beynəlxalq qanunvericilik – xüsusilə də AAQ-ların fəaliyyətinin qabaqcıl təcrübəyə əsaslanması üçün INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) ISSAI (Ali Audit Qurumlarının Beynəlxalq Standartları) standartlarının tələbləri nəzərə alınmaqla hazırlanmasını vurğulayıb.
Eyni zamanda, büdcəyə nəzarətin – fiskal diaqnostika alətlərinin nəticəsi olaraq qiymətləndirilməsi haqqında məlumat verilib. Dünya Bankı tərəfindən ölkəmiz üzrə aparılmış Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (DXMH - PEFA), həmçinin Beynəlxalq Büdcə Layihəsi tərəfindən hazırlanan Açıq Büdcə İndeksində (ABİ - OBİ) kənar nəzarətin təşkili işinin qiymətləndirilməsinin ölkəmiz üçün müsbət nəticələri təqdim edilib.