CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsinə Xəzər rayon məktəbliləri də qoşulublar
Bakı, 18 noyabr, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən növbəti tur-aksiyaya Lənkəran-Masallı-Astara bölgəsinə səyahət edən Xəzər rayon məktəbliləri də qoşulublar.
AZƏRTAC xəbər verir ki, məktəblilərin yola salınması mərasimində çıxış edənlər tur-aksiyanın maarifləndirici əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də ölkəmizin rayonları, Azərbaycanın qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış olacaqlar. Vurğulanıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin vətənpərvərlik ruhunda böyümələrinə, dünyagörüşlərinin artmasına xidmət edir.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Qrup rəhbəri, Xəzər rayonu 149 saylı tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva deyib: “Tur-aksiyaya Xəzər rayonundan 40-a yaxın şagird qoşulub. Mən artıq üçüncü dəfədir ki, qrup rəhbəri kimi bu tur-aksiyada iştirak edirəm. Gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların tərbiyəli, savadlı və vətənpərvər böyüməsi istiqamətində görülən işlərə, həmçinin şagirdlərin dünyagörüşünün yüksəlməsində mühüm əhəmiyyət kəsb edən maarifləndirici tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
149 nömrəli tam orta məktəbin şagirdi Zaur Əliyev deyib: “Lənkəran şəhərinin təbiəti, muzeyləri, tarixi yerləri ilə tanış olacağıq. Lənkəranı görməyi hər zaman arzulayırdım və bu arzuma çatacağam. Ölkəmizin qədim tarixinin və zəngin mədəniyyətinin olmasından qürur hissi keçirirəm. Bu diyardan olduqca xoş təəssüratlarla ayrılacağıma ümidvaram”.
125 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fatimə Orucova bildirib: “Biz Bakıdan Lənkərana çox xoş təəssüratlarla gedirik. Bu diyarın tarixi, mədəniyyət abidələri, təbiəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacağıq. Bu tur-aksiyanın keçirilməsi bizim Vətənimiz haqqında ətraflı məlumat əldə etməyimizdə mühüm rol oynayır”.
Sonra şagirdlər Lənkəran-Masallı-Astara bölgəsinə yola düşüblər.