CƏMİYYƏT
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Nərimanov rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan şagirdlər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə, Şəmkir və Göygöl şəhər və rayonlarına yola düşüblər.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsində önəmini vurğulayıb.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının bir neçə ildir uğurla həyata keçirildiyini deyən icra başçısı layihənin həyata keçirilməsinin ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmaları, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Tur-aksiyanın iştirakçısı, Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin şagirdi Nilgün Məmmədova AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası kimi uğurlu layihənin reallaşdırılmasına görə məktəblilər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu aksiya şagirdlərə bölgələrimizin gözəlliklərini, inkişafını əyani olaraq görməyə imkan yaradır. Bunun sayəsində məktəblilər Vətənimizin gözəlliklərini daha yaxından seyr edir və onu daha yaxından tanıyırlar.
“Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində biz dörd gün ərzində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səyahət edəcək, həmin şəhər və rayonlar barədə ətraflı məlumat toplayacağıq. Bu tur-aksiya bizə ölkəmizin füsunkar təbiətini öz gözlərimizlə görmək, bölgələrdə əhalinin yaşayış tərzini, adət-ənənələrini öyrənmək, mədəniyyət ocaqları, tarixi məkanlar, abidələr, muzeylər, məscidlər, müasir sənaye müəssisələri, turizm obyektləri ilə yaxından tanış olmaq imkanı yaradır”, - deyə Nilgün Məmmədova vurğulayıb.
Tur-aksiyanın iştirakçıları olan Nəriman rayonunun digər məktəbliləri və onların müəllimləri AZƏRTAC-a müsahibələrində bu layihənin ölkəmizi daha yaxından tanımaq baxımından gənclər üçün çox əhəmiyyətli olduğunu bildiriblər. Buna görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirən şagirdlər və müəllimləri deyiblər ki, tur-aksiya gənclərin gələcəyi üçün çox uğurlu layihədir. Çünki ölkəmizdə gənclərin vətənpərvərlik, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması əsas istiqamətlərdəndir. Bu baxımdan, tur-aksiya məktəblilərə Vətənimizi daha çox sevməyi öyrədir. Vətəni sevmək üçün isə onu görmək və yaxından tanımaq əsas şərtdir.
Vətənə bağlılıqlarını ifadə edən şagirdlər və onların müəllimləri layihənin davamlı olmasını arzulayıblar.
Sonra məktəblilər Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.