REGİONLAR
Maarifləndirici tur-aksiyanın iştirakçıları arasında Göygöl məktəbliləri də var
Göygöl, 18 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Göygöl məktəbliləri də qoşulublar. Məktəblilər noyabrın 18-dən 21-dək Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə rayonun Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçılarının yola salınması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalara rayonun ümumtəhsil məktəblərinin şagirdləri də böyük həvəslə qoşulurlar. Aksiyanın budəfəki mərhələsində rayon üzrə 40 məktəbli iştirak edəcək. Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitməyəcək. Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat veriləcək.
Məktəblilərin diqqətinə çatdırılıb ki, onlar “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın şimal bölgəsinin cənnət guşələri olan Qəbələdə, Şəkidə, Zaqatalada olacaqlar. Ekskursiya çərçivəsində şagirdlər bölgənin adət-ənənələri, ləzzətli mətbəxi, təbiət gözəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.
Həmçinin şagirdlərin gedəcəyi rayonların keçmiş və müasir simasını əks etdirən Tarix-Diyarşünaslıq muzeyləri, qədim tarixi abidələri, Gənclər mərkəzləri, Olimpiya kompleksləri, Bayraq meydanları, rəsm qalereyaları ilə və digər obyektlərlə tanışlıq onların yaddaşında silinməz izlər buraxacaq.
İcra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tur-aksiyanın əhəmiyyətindən söz açaraq şagirdlərin tanış olacağı Qəbələ-Şəki-Zaqatala bölgəsi haqqında məlumat verib.
Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev şagirdlərə tur-aksiya zamanı yeni biliklər öyrənmələrini və dostlar qazanmalarını tövsiyə edib.
Mərasimdə çıxış edən müəllimlər və valideynlər şagirdlər üçün yaradılmış yüksək şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ulu öndər Heydər Əliyevin mərkəzdə ucaldılmış abidə kompleksi qarşısına gül-çiçək dəstələri düzən tur-aksiya iştirakçıları Qəbələyə yola düşüblər.