REGİONLAR
Qrup rəhbəri: Şagirdlərin dünyagörüşünün formalaşmasında bu tur-aksiyanın böyük əhəmiyyəti var
Quba, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
Sevindirici haldır ki, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları gözəl ənənə halını alıb. Layihənin proqramına uyğun olaraq şagirdlərimiz maariflənir, dünya görüşlərini artırır, eyni zamanda, Azərbaycanın dilbər guşələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Bu dəfə məktəblilər dörd gün ərzində Quba, Qusar, Xaçmaz rayonlarının görməli yerlərinə ekskursiyada iştirak edirlər. Əminəm ki, dörd gün davam edəcək maraqlı səyahət onların yaddaşında silinməz izlər buraxacaq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada qrup rəhbəri kimi iştirak edən Zahir Kərimov söyləyib.
Qəbələ məktəblilərinin qrup rəhbəri bildirib ki, bu ekskursiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafı hər bir şəhər və rayonun timsalında görmək imkanı yaradır: “Ekskursiya iştirakçıları gördükləri hər bir məkan haqqında daha çox məlumat almağa can atırlar. Şagirdlərin dünyagörüşünün formalaşmasında bu tur-aksiyanın böyük əhəmiyyəti var. Bu gün tur-aksiyada iştirak edən məktəblilər gələcəkdə ölkəmizin inkişafı üçün çalışan savadlı mütəxəssislər olacaqlar”.