İQTİSADİYYAT
Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması istiqamətində aparılan işlər başa çatmaq üzrədir VİDEO
Bakı, 19 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması istiqamətində aparılan işlər başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 19-da Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransında mərkəzin direktoru Pərviz Hacıyev deyib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli Sərəncamı ilə yaradıldığını bildirən Pərviz Hacıyev qeyd edib ki, mərkəzin əsas funksiyaları aqrar məlumat bazasının yaradılması, elektron kənd təsərrüfatı informasiya sisteminin formalaşdırılması, aqrar təhlillərin aparılması və qiymətləndirməsi, aqrar proqnozlaşdırma, özəl və dövlət sifarişlərinin yerinə yetirilməsi, beynəlxalq ekspertlərin iştirakı ilə proqram və layihələrin hazırlanması, aqrar sahənin strateji planlaşdırılması və elmi tədqiqat işlərinin aparılmasından ibarətdir.
Onun sözlərinə görə, Aqrar Tədqiqatlar Mərkəzinin yaradılmasında məqsəd aqrar sahədə məhsuldarlığı, qida keyfiyyətini, davamlı ərzaq təhlükəsizliyini, iqtisadi inkişafı, təbii ehtiyatların və ətraf mühitin bütövlüyünün qorunmasını təmin etmək, bu sahəni innovativ texnologiyalarla dəstəkləmək, dərin təhlilə əsaslanan tədqiqatlar aparmaq və kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaqdır.
Həmçinin bildirilib ki, mərkəzin heyəti Azərbaycan və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış, aqrar sektorda çalışmış ixtisaslı kadrlardan ibarətdir. Mərkəzin əməkdaşları hazırda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına dair dövlət proqramları üzərində çalışırlar.