İQTİSADİYYAT
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İKT LAB ilə əməkdaşlıq imkanlarını genişləndirir
Bakı, 19 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) ilə birgə layihələr həyata keçirəcək.
İİETİ-dən AZƏRTAC-a bildiriblər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə görüş keçirilib. Görüş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirlərinin icrası istiqamətində reallaşıb.
Görüşdə yerli innovasiya mərkəzlərində potensial sahibkarlıq və ya startap fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin İKT avadanlıqları ilə təmin edilməsi və onların hazır laboratoriya alətlərindən istifadə etməsinə şərait yaradılması, habelə birgə layihələrin həyata keçirilməsinə dair razılığa gəlinib. Eyni zamanda, potensial sahibkarların İKT LAB-dan istifadə etməsinə daha geniş şəraitin yaradılması yolları müzakirə edilib.
Bundan başqa, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təklifi ilə mərkəz gələcəkdə sahibkarlar üçün informasiya texnologiyaları avadanlığı vasitəsilə müxtəlif xidmətlərin, eləcə də birgə təlim və seminarların təşkil olunmasını təmin edə bilər.
Qeyd edək ki, mərkəz ölkə üzrə 17 regionda 19 regional mərkəzə, müasir texnologiyalarla təmin edilmiş tədris infrastrukturuna malikdir. Mərkəzdə HD multimedia studiyası, "Cisco" şəbəkə laboratoriyası, sistem inzibatçılığı, qrafika və dizayn üzrə kompüter laboratoriyaları və beynəlxalq kompüter imtahan mərkəzi fəaliyyət göstərir. Burada yalnız ənənəvi treninqlər deyil, Onlayn Təhsil Portalı (www.e-training.az) vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant və onlayn treninqlər keçirilir.