DÜNYA
Almaniya Səudiyyə Ərəbistanının 18 vətəndaşının ölkəyə girişinə qadağa qoyub
Bakı, 19 noyabr, AZƏRTAC
Almaniya jurnalist Camal Kaşıkçının öldürülməsində iştirak etməkdə şübhəli bilinən Səudiyyə Ərəbistanının 18 vətəndaşının şengen zonasına girişini bağlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burger noyabrın 19-da təşkil olunan brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu addımlar yalnız Fransa və Böyük Britaniya ilə razılaşdırılıb. Sanksiyaların tətbiq olunduğu şəxslərin kimliyi barədə məlumat verilmir.
Brifinqdə iştirak edən Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert isə Camal Kaşıkçının cinayət işi üzrə təhqiqatın nəticələrinin Berlin üçün qeyri-qənaətbəxş olduğunu, bir çox cavabsız suallar qaldığını bildirib.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəliyin binasından çıxarıldığını etiraf edib. Dünya ictimaiyyəti bu cinayəti kəskin şəkildə pisləyərək Ər-Riyadı şəffaf təhqiqat aparmağa çağırıb.