REGİONLAR
Naxçıvanda sənətşünas-alim Nizami Alıyevin 60 illik yubileyi qeyd olunub
Naxçıvan, 19 noyabr, AZƏRTAC
Nizami Alıyev Naxçıvanın dekorativ-tətbiqi sənət nümunələrini, eləcə də qədim memarlıq və monumental sənət abidələrini tədqiq edib, Naxçıvan abidələrinin öyrənilməsi ilə əlaqədar təşkil olunan bütün elmi ekspedisiyalarda fəallığı ilə seçilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində keçirilən sənətşünas-alim Nizami Alıyevin 60 illik yubiley tədbirində danışılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək, muxtar respublikada sənət adamlarına göstərilən yüksək dövlət qayğısından söz açıb.
Ülviyyə Həmzəyeva vurğulayıb ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rəssamlar Birliyinin baş fond mühafizi, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Nizami Alıyev bu gün də Naxçıvan rəssamlarının, Naxçıvanın tarixi-memarlıq abidələrinin, qədim yaşayış yerlərinin, qalaların, dini abidələrin təbliğində fəal iştirak edir.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev, Xalq rəssamı, professor Hüseynqulu Əliyev və sənət dostları yubilyarı təbrik ediblər.
Sonda Nizami Alıyev fəaliyyətinə yüksək qiymət verildiyinə, göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.