ELM VƏ TƏHSİL
ADNSU “Azərbaycan İnterneyşnl Mayninq Compani Limited” şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “Azərbaycan İnterneyşnl Mayninq Compani Limited” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində bu ali məktəbin rektoru, professor Mustafa Babanlı universitetdə həyata keçirilən islahatlar barədə məlumat verib, ali təhsil ocağı ilə müəssisələr arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.
Şirkətin texniki işlər üzrə vitse-prezidenti Fərhəng Hedjazi təmsil olunduğu qurum haqqında ətraflı məlumat verib, gələcəkdə reallaşdırılacaq tədbirlərdən bəhs edib.
ADNSU-nun doktorantları Famil Həmidov “Dağ-mədən sənayesində tətbiq olunan SAG dəyirmanların işgörmə qabiliyyətinin yüksəldilməsi”, Aydın Bayramov “Gədəbəy, Qədir və Uğur filiz yataqlarının potensial imkanları və istehsalının effektivliyi” mövzularında təqdimatla çıxış ediblər.
Geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov iki qurum arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib, geologiya və dağ-mədən sahəsinin inkişafı üçün elm və təcrübənin birliyinin vacibliyindən danışıb.
Şirkətin istehsalat bazasında onun profilinə uyğun təhsil alan ADNSU tələbələrinin istehsalat təcrübəsi keçməsi, ixtisaslaşmış kadr potensialının hazırlanması, universitetin elmi-texniki potensialını cəlb etməklə şirkətin istehsal prosesində rastlaşdığı problemlərin həlli istiqamətində əməkdaşlıq proqramının həyata keçirilməsi baxımından imzalanan memorandumun əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” Azərbaycanda qızıl hasilatı sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət Azərbaycan hökuməti ilə “RV Investment Group Services” şirkəti arasında imzalanmış sazışə əsasən 1998-ci ildə təsis edilib. Şirkət Gədəbəy kontrakt sahəsində qızıl hasilatı üzrə əməliyyatlar aparır, Qoşa və Ordubad kontrakt sahələrində isə kəşfiyyat işləri ilə məşğuldur.