REGİONLAR
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
Neftçala, 21 noyabr, Mahir Babayev, AZƏRTAC
Son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə ötən il rayonun ayrı-ayrı kəndlərində modul tipli 5 məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Prezidentin sərəncamı ilə bu il rayonda modul tipli daha 7 məktəb binasının quraşdırılması nəzərdə tutulub.
Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxdərə kəndlərində quraşdırılacaq. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Binalar üçün kəndlərdə münasib yerlər ayrılıb və tikinti işləri aparılır. Artıq Pirəppə və Qaraqaşlı kəndlərində 56 şagird yerlik ümumi orta məktəb üçün quraşdırılan tikililərdə inşaat işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə məktəb binaları şagirdlərin istifadəsinə veriləcək. Qalan 5 binanın tikintisinin isə bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.