REGİONLAR
Saatlıda bu günə kimi 27 min tondan çox pambıq tədarük olunub
Saatlı, 21 noyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda pambıq sahələrindən bu günə kimi 27 min 849 ton pambıq yığılıb. Yığılan məhsulun 19 min 220 tonu maşınların köməyi ilə toplanılıb. Hazırda sahələrdə 41 ədəd ən müasir pambıqyığan kombayn işləyir və hər gün toplanan məhsulun 70-75 faizi bu maşınlarla yığılır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 4 şirkət tərəfindən 2 min 646 istehsalçı ilə müqavilə bağlanaraq, 15 min 815 hektar sahədə pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul çoxdur. Hazırda ikinci yığım gedir və gün ərzində sahələrdən 175-180 ton məhsul toplanılır. Rayonun Qıraqlı, Dədə Qorqud, Əhmədbəyli və digər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə yığım kampaniyası daha mütəşəkkil təşkil olunub. Bu il ərazi vahidlərinin əhatə etdiyi kəndlərdə ötən ildəkindən çox məhsul var və sahibkarlar yığım apardıqları sahələrin hər hektarından 30-40 sentner məhsul götürürlər.
Qeyd edək ki, bu mövsüm saatlılı pambıqçılar sahələrdən 30-35 min ton pambıq toplamağı planlaşdırıblar.