REGİONLAR
Gəncədə tur-aksiya iştirakçıları arasında keçirilən intellektual oyunun qalibi İmişli məktəbliləri olub
Gəncə, 21 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Ötən 4 gün ərzində Gəncə şəhəri, Göygöl və Şəmkir rayonları ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə və istehsal müəssisələrinə ekskursiya edən Abşeron, Binəqədi, Sabunçu, Nərimanov, Şuşa, Zəngilan, Neftçala, Salyan, Şirvan və İmişli məktəbliləri arasında intellektual oyun keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ölkəmizi tanıyaq” layihəsinin sonuncu günü keçirilən oyunda məktəblilər biliklərini nümayiş etdiriblər.
Məlumat verilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ənənəvi olaraq təşkil edilən bu intellektual oyunun keçirilməsində əsas məqsəd şagirdlərin indiyədək qazandığı bilikləri və onların dünyagörüşünü artırmaq, ən savadlı gəncləri aşkara çıxarmaqdır.
Sonra intellektual oyunlara start verilib. İki saat davam edən yarışda 42 komanda iştirak edib. Məktəblilər hər birinin tərkibində 6 nəfərin olduğu 6 qrupa bölünüblər. İştirakçılara “Ölkəmizi tanıyaq” layihəsinə uyğun olaraq məntiq, tarix, Azərbaycan filmləri, dünyagörüşü, abidələrimiz, dahi şəxsiyyətlər, dünyada baş verən maraqlı hadisələr, məktəbdə tədris olunan fənlər üzrə 24 sual verilib. Şəffaflığın təmin olunduğu yarış gərgin mübarizə şəraitində keçib.
Oyunun nəticələrinə görə, İmişli məktəbliləri birinci, Şirvan rayonunun şagirdləri ikinci, Neftçala məktəbliləri isə üçüncü yeri tutub. Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.