REGİONLAR
Qrup rəhbəri: Respublikamızda uğurla həyata keçirilən sənayeləşmə siyasəti bölgələrdə də geniş vüsət alıb
Lənkəran, 21 noyabr, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsinin bütün rayonlarında sosial-iqtisadi inkişaf, mədəniyyət və turizm sahəsində böyük uğurlar qazanılıb. Məktəblilər Lənkəran, Astara və Masallı rayonlarına səyahət zamanı bunun bir daha şahidi oldular.
Bu sözləri Xocalı rayonunun Kosalar kənd tam orta məktəbinin müəllimi Qalib Quliyev AZƏRTAC-a müsahibəsində söyləyib.
“Ölkəmizi tanıyaq” tur-aksiyasında qrup rəhbəri olan Qalib Quliyev daha sonra deyib: “Respublikamızda uğurla həyata keçirilən sənayeləşmə siyasəti bölgələrdə də geniş vüsət alıb. Masallı Sənaye Məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 3,5 milyon manatdan çox investisiya yatırılıb, 142 yeni iş yeri yaradılıb. Bu, dövlətimizin bölgələrin inkişafına, yeni iş yerlərinin, istehsal sahələrinin yaradılmasına göstərdiyi diqqətin bir nümunəsidir. Məktəblilər Masallı Sənaye Məhəlləsinə ekskursiyadan zəngin təəssürat aldılar. Bundan başqa, ekskursiyalar zamanı şagirdlərə Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr, qeyri-neft sektorunda qazanılan nailiyyətlər barədə də məlumat verildi. Onlar, həmçinin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunlarında və müxtəlif əyləncəli proqramlarda da iştirak etdilər. Artıq tur-aksiya başa çatır. Cənub bölgəsindən zəngin təəssüratlarla ayrılırıq. Şagirdlərin biliklərinin zənginləşməsində, dünyagörüşlərinin artmasında mühüm rol oynayan belə bir layihənin təşkilatçılarına minnətdarlığımı bildirirəm.”