İDMAN
İspan portalı Alonsonu ən yaxşı Formula 1 pilotu hesab edir
Madrid, 21 noyabr, AZƏRTAC
İspaniyada “20minutos” portalının oxucuları ispan pilot Fernando Alonsonu Formula 1 tarixinin ən yaxşı pilotu hesab edir.
AZƏRTAC xəbər verir ki, bu ilin sonunda karyerasını başa vuracaq ispan yürüşçüyə portal istifadəçilərinin 31,74 faizi (4843 sorğu iştirakçısından 1537-ci) səs verib. Əfsanəvi alman pilot Mixael Şumaxer ondan 100 səs geridə qalıb. Formula 1 tarixinin ən titullu yürüşçüsü olan alman idmançı oxucuların 30,46 faizinin səsini toplayıb.
Sorğuda iştirak edənlər üçüncü yerə 19,93 faiz səslə braziliyalı pilot Ayrton Sennanı layiq görüblər. Formula 1 dünya çempionatının üçqat qalibinin topladığı səslər onun avtomobil idmanındakı xidmətlərindən daha çox, onun xatirəsinə göstərilən ehtiramla bağlıdır. Ayrton Senna 1994-cü ildə San-Marino Qran-Prisi zamanı İmolada keçirdiyi qəza nəticəsində həlak olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid