REGİONLAR
Goranboyun Yəhərçi Qazaxlar kəndi “mavi yanacaq”la təmin edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, İB tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2018-ci ildə də davam etdirilməkdədir. Bu məqsədlə noyabrın 21-də Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 150 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 10 min 890 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.