SİYASƏT
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır. AZƏRTAC xəbər verir ki, Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu fikri Tacikistanda Roqun Su Elektrik Stansiyasının açılışına həsr edilmiş konfransda söyləyib.
R. Məmmədov qeyd edib ki, bu il avqust ayında Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradıb. Həmin səfərin yekunlarına əsasən imzalanmış bir sıra mühüm sənədlər qarşılıqlı münasibətlərin səviyyəsini daha da yüksəldib. Nazir müavini vurğulayıb ki, Tacikistanda Roqun Su Elektrik Stansiyasının açılması region ölkələrinin daha sıx inteqrasiyasında böyük rol oynayacaq və Tacikistan beynəlxalq aləmdə əməkdaşlığı genişləndirmək imkanı qazanacaq.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil də konfransda çıxış edib. O deyib ki, Tacikistanda Roqun Su Elektrik Stansiyasının işə salınması Əfqanıstanın elektrik enerjisinə tələbatını qismən təmin etməyə imkan verəcək və bu ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib ki, regionun enerji təhlükəsizliyinin təmin edilməsi Avropa İttifaqı üçün də vacibdir. Bu layihə Aİ-nin Asiya ilə əməkdaşlığı baxımından çox əhəmiyyətlidir.
BMT-nin Bakı ofisinin rəhbəri Qulam İsakzai vurğulayıb ki, Tacikistanda Roqun Su Elektrik Stansiyasının işə salınması region üçün böyük əhəmiyyət kəsb edir və “CASA 1000” kimi mühüm layihələrin inkişafına şərait yaradır.
Azərbaycanda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri tədbirdə iştirak ediblər.