İQTİSADİYYAT
Dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların təhlili aparılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında Dövlət İnvestisiya Proqramının və dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların təhlilinin nəticələrinə dair nəzarət tədbirləri üzrə rəylər müzakirə olunub.
Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.