REGİONLAR
Laçın rayonunun ümumtəhsil məktəbləri qış mövsümünə hazırdır
Ağcabədi, 15 dekabr, AZƏRTAC
Tədrisin keyfiyyəti qış aylarında sinif otaqlarının, fənn kabinetlərinin normal istiliklə təminatından çox asılıdır. Odur ki, Laçın rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən 104 ümumtəhsil müəssisəsinin istiliklə təmin olunması üçün zəruri tədbirlər həyata keçirilib.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktəblərin 19-u fərdi qazanxana, 12-si mərkəzləşdirilmiş istilik sistemi, 26-sı elektrik, 47-si isə odun sobaları vasitəsilə isidilir.
Mərkəzləşdirilmiş istilik sistemi mövcud olan və elektriklə qızdırılan məktəblərə baxış keçirilib, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Bu məktəblərin istilik sistemləri istismar vəziyyətindədir. Digər məktəblərdə odun sobaları qurulub. Məktəblər üçün nəzərdə tutulan odun yanacağı təyinatı üzrə paylanılıb. Qış fəslində məktəblərin qızdırılmasında heç bir çətinlik yaşanmayacaq.
Qeyd edək ki, Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün rayonun ümumtəhsil məktəbləri laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları şəhər və rayonlarda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.